Elektron Pulun Emissiyası və Elektron Pulla Ödəniş Əməliyyatlarına Dair Müqavilə
1. Müqavilənin Predmeti
1.1. Bu Müqavilə “Tiko Azərbaycan” MMC (bundan sonra - Təşkilat) ilə Təşkilatın elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası xidmətindən istifadə edən elektron pul sahibi (bundan sonra - İstifadəçi) arasında bağlanılır və Təşkilatın mobil tətbiqindən istifadəni, ödəniş hesabının açılması, saxlanılması və bağlanılması, ödəniş əməliyyatlarının aparılması, elektron pulun emissiyası, istifadəsi və elektron pulun qalıq dəyərinin geri qaytarılması qaydalarını tənzimləyir.
1.2. Bu müqavilədə “Tərəf” dedikdə ayrı-ayrılıqda Təşkilat və İstifadəçi, Tərəflər” dedikdə isə Təşkilat və İstifadəçi birlikdə başa düşülür.
1.3. Təşkilat barədə məlumatlar:

Adı: “Tiko Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti

Ünvanı: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 83, "World Business Center" iş mərkəzi, 9-cu mərtəbə

VÖEN: 1406242111

Verilmiş lisenziyanın tarixi və nömrəsi: 10.12.2024-cü il tarixli EPT-015 nömrəli

Lisenziya verən qurumun adı: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Elektron poçt ünvanı:info@tiko.az

Telefon nömrəsi: (012) 597 48 72


2. Elektron pul
2.1. Təşkilat İstifadəçidən elektron pulun emissiyası məqsədilə qəbul etdiyi pul vəsaitləri məbləğində elektron pulu dərhal emissiya edir. İstifadəçinin elektron pulu əmanət hesab edilmir və sığortalanmır, elektron pula faiz və ya digər formada gəlir ödənilmir.
2.2. Elektron pulun emissiyası məqsədilə pul vəsaitlərinin qəbulu ödəniş kartları, ödəniş terminalları və ya digər üsullarla həyata keçirilə bilər.
2.3. Elektron pulun emissiyası müştəri eyniləşdirilməklə və ya eyniləşdirilmədən həyata keçirilə bilər.
2.4. Eyniləşdirilmə prosesini keçməyən İstifadəçiyə ödəniş xidmətlərindən istifadə edərkən aşağıdakı məhdudiyyətlər tətbiq olunur.
2.4.1. Bir təqvim ayı ərzində mədaxil əməliyyatlarının həcmi 300 (üç yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmur;
2.4.2. Elektron pul vəsaitinin həcmi 300 (üç yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmur;
2.4.3. Yalnız ölkədaxili ödəniş əməliyyatları üzrə istifadə olunur;
2.4.4. Qalıq dəyərinin nağd qaytarılması bir təqvim ayı ərzində 50 (əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmur;
2.4.5. İstifadəçisi yalnız fiziki şəxslərdir.
2.5. İstifadəçi istədiyi vaxt eyniləşdirmə prosedurundan keçməklə bu Müqavilənin 2.4-cü bəndindəki məhdudiyyətləri aradan qaldırılması üçün müraciət edə bilər. Təşkilat qanunvericilik tələbləri gözlənilməklə bu məhdudiyyətlərin aradan qaldırılması hüququnu özündə saxlayır.
2.6. Xidmətlərin göstərilməsi üçün Təşkilat İstifadəçiyə qanunvericiliyə, o cümlədən Mərkəzi Bankın “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na uyğun olaraq ödəniş hesabı aça, hesabın açılmasını rəsmiləşdirə və apara bilər. Ödəniş hesabının bağlanması qanunvericilikdə müəyyənləşdiirləm hallarda və qaydada olur. Bank hesabının açılmasının rəsmiləşdirilməsi ilə bağlı bütün sənədlər bu Müqavilənin tərkib hissəsi hesab edilir.
2.7. Ödəniş hesabı üzrə əməliyyatlar ödəniş hesabında mövcud olan pul vəsaiti həcmində aparılır.
2.8. Təşkilat aşağıdakı məqsədlərlə elektron pulu bloklaşdıra bilər və bu halda bloklaşdırılma və bunun əsaslandırılmış səbəbi barəsində İstifadəçini mümkün olduqda əvvəlcədən və ya ən geci bloklaşdırmadan dərhal sonra məlumatlandırmalıdır, bu şərtlə ki, qanunvericiliklə belə məlumatın verilməsi qadağan edilməsin:
2.8.1. pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması;
2.8.2. pul vəsaitlərinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması;
2.8.3. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı risklər, şübhələr və ya bu sahədə qanunvericiliyin tələblərinin pozulması ehtimalı yarandıqda
2.8.4. Şübhəli əməliyyatlar aşkar edildikdə
2.8.5. Beynəlxalq və ya yerli hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı siyahılara uyğunluğun təmin edilməsi məqsədilə
2.8.6. İstifadəçinin bu Müqavilənin şərtlərini pozması və ya pozma riski yaratması hallarında
2.8.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
2.9. Bloklaşdırılmaya səbəb olan hal aradan qalxdıqdan sonra elektron pul üzrə bloklaşdırılma aradan qaldırılır.
2.10. Təşkilat “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İstifadəçinin pul vəsaitlərini Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında açılmış ödəniş hesabında saxlamaqla İstifadəçinin vəsaitlərinin təhlükəsizliyinə təminat verir. Təşkilat İstifadəçinin pul vəsaitlərinin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliyə uyğun olaraq digər üsullardan istifadə edə və müvafiq üsullar barədə müstəqil qərar verə bilər
2.11. Elektron pulun qalıq dəyərinin geri qaytarılması vergi ödəyicilərinə münasibətdə onların ödəniş hesablarına köçürülməklə, fərdi sahibkar olmayan fiziki şəxlərə münasibətdə isə hər hansı ödəniş hesabına köçürməklə, pul köçürmə yolu ilə və ya nağdlaşdırma yolu ilə həyata keçirilə bilər

3. Autentifikasiya
3.1. İstifadəçi bu Müqaviləni bağlamaq üçün hüquq və fəaliyyət qabiliyyətinə malik olduğunu və bu Müqaviləni öz adından və öz hesabına bağladığını bəyan edir. Əgər İstifadəçi tam fəaliyyət qabiliyyətinə malik deyilsə (məsələn, yetkinlik yaşına çatmayıbsa) və ya digər səbəblərlə əlavə təsdiq və yoxlamaya ehtiyac yaranarsa, TİKO tərəfindən əlavə təsdiq və prosedurların tətbiq edilə biləcəyini qəbul edir. TİKO, zəruri hesab etdiyi hallarda İstifadəçidən əlavə məlumat və sənədlər tələb edə bilər.
3.2. İstifadəçi TİKO-ya təqdim etdiyi bütün məlumat və sənədlərin düzgün, aktual və tam olduğunu təsdiq edir. TİKO, qanunvericiliyə uyğun olaraq bu məlumatların düzgünlüyünü və aktuallığını yoxlamaq məqsədilə müvafiq tədbirlər görə bilər.
3.3. TİKO-ya bildirilən bank hesabının aktiv, işlək və İstifadəçi adına açılmış olması tam şəkildə İstifadəçinin məsuliyyətidir. Əgər təqdim edilən hesab İstifadəçi adına deyilsə, həmin hesaba TİKO tərəfindən ödəniş aparılmayacaqdır.
3.4. İstifadəçi başqa şəxs adından və ya hesabına hərəkət etdiyi və/və ya şəxsiyyət, əlaqə və digər identifikasiya məlumatlarında dəyişiklik baş verdiyi hallarda, bu barədə qanunvericiliyə uyğun qaydada TİKO-ya yazılı şəkildə məlumat verməyi öhdəsinə götürür.
3.5. TİKO, 3.3-cü maddəyə və ya digər səbəblərə əsasən, İstifadəçidən şəxsiyyətin təsdiqi və/və ya əlavə məlumat təqdim olunmasını tələb edə bilər.
3.6. İstifadəçi, bu Müqavilə üzrə göstərilən xidmətlərdən yalnız qanunvericiliyə uyğun şəkildə istifadə edəcəyini qəbul və öhdəsinə götürür.
3.7. TİKO, İstifadəçinin bu Müqavilənin və/və ya qanunvericiliyin tələblərinə zidd fəaliyyətini aşkar etdiyi halda, İstifadəçinin Ödəniş Hesabını dayandıra, Ödəniş Xidmətlərinin göstərilməsini müvəqqəti və ya daimi olaraq məhdudlaşdıra bilər. Qanun pozuntusu ehtimalı olan hallarda da hüquq TİKO-nun bu hüququ vardır.
3.8. TİKO mobil tətbiqi və onun tərkib hissələri (proqram təminatı, dizayn, qrafika, loqolar, mətnlər və s.) üzrə bütün müəlliflik və mülkiyyət hüquqları TİKO-ya məxsusdur. Tətbiqdə istifadə edilən proqram təminatının, məlumat bazasının, qrafik və mətn elementlərinin icazəsiz surətdə köçürülməsi, paylanması, dəyişdirilməsi və ya hər hansı formada istifadəsi qəti qadağandır. Eyni zamanda, aşağıdakı hərəkətlər də qəti şəkildə qadağandır: - tətbiqin təhlükəsizliyinə zərər yetirə biləcək və ya digər istifadəçilərin istifadəsinə mane ola biləcək fəaliyyətlər; - tətbiqə qeyri-mütənasib yüklənmə vermək və ya icazəsiz məlumat əldə etmək; - tətbiqin və ya TİKO-nun infrastrukturuna texniki zərər yetirmək və ya müdaxilə cəhdləri; - proqramın işləməsini pozan və ya serverlərə icazəsiz müdaxilə edən proqram, virus və s. vasitələrin istifadəsi.
3.9. İstifadəçi, tətbiqdə təkmilləşdirmə və ya yeniləmə işləri aparılması səbəbilə tətbiqə girişin müvəqqəti olaraq məhdudlaşdırıla biləcəyini qəbul edir.
3.10. Saytda və/və ya tətbiqdə dərc olunan qaydalar, xidmət haqları və digər məlumatlar bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.
3.11. TİKO, bu Müqavilədə və ya tətbiqdə/saytda, ödəniş xidmətlərinin şərtlərində birtərəfli qaydada dəyişiklik və yeniləmə etmək hüququna malikdir. Müqavilə şərtlərində hər hansı dəyişikliklər haqqında məlumatı TİKO bu dəyişikliklərin tətbiq ediləcəyi tarixdən azı 30 (otuz) gün əvvəl İstifadəçiyə bildirməlidir. Bu müddətdə ödəniş xidməti istifadəçisi bu dəyişikliklərlə bağlı öz etirazını bildirmədikdə, bu dəyişikliklər İstifadəçi tərəfindən qəbul olunmuş hesab edilir. Valyuta mübadiləsi məzənnəsində edilən dəyişikliklər müvafiq müddət tətbiq edilmədən qüvvəyə minir. İstifadəçilər üçün daha əlverişli faiz və ya məzənnə dəyişiklikləri bu bənddə nəzərdə tutulmuş xəbərdarlıq müddəti gözlənilmədən tətbiq edilə bilər.

4. İstifadəçinin ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələri
4.1. İstifadəçi fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının məxfiliyini təmin etməlidir, müvafiq məlumatların məxfiliyinə dair şübhəsi olduqda dərhal həmin məlumatları mobil tətbiqi vasitəsilə dəyişdirməli, bu mümkün olmadıqda isə Təşkilata məlumat verməlidir.
4.2. İstifadəçinin cihazı itirildikdə və ya oğurlandıqda və ya İstifadəçinin ödəniş hesabına üçüncü şəxslərin hər hansı digər şəkildə daxil olması ilə bağlı şübhəsi yarandıqda və ya bunu aşkar etdikdə, o, dərhal Təşkilatı bu Müqavilənin 4.3-cü bəndindəki əlaqə vasitələrindən istifadə etməklə mümkün olan istənilən formada (yazılı, elektron qaydada və s.) məlumatlandırmalıdır.
4.3. Təşkilat bu Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulan məlumatlandırmanın həyata keçirilməsini və blokdan çıxarılmanı təmin etmək üçün İstifadəçini günün 24 (iyirmi dörd) saatı müddətində müraciət etmək üçün aşağıdakı əlaqə vasitələri ilə təmin edir və müvafiq bildiriş alındıqdan dərhal sonra elektron pulu bloklaşdırır:

Telefon – (012) 597 48 72

Elektron poçt:info@tiko.az

4.4. İstifadəçi Təşkilatın mobil tətbiqindən istifadə zamanı avadanlığında bu mobil tətbiq üzrə müvafiq yenilənmiş versiyanın tətbiq edilməsini təmin edir

5. Ödəniş əməliyyatları
5.1. İstifadəçi elektron pulları digər İstifadəçilərə köçürə, elektron pulu ödəniş üçün qəbul edən üçüncü şəxslərə elektron pul ilə ödəniş edə bilər.
5.2. İstifadəçi Təşkilata ödəniş sərəncamının verilməsi üçün Təşkilatın mobil tətbiqi və www.tiko.az internet səhifəsinin funksionallıqlardan istifadə edir və bu zaman qanunvericiliyə əsasən ödəniş sərəncamında əksini tapmalı olan məlumatları Təşkilata təqdim edir.
5.3. Ödəniş sərəncamını alan Təşkilat ödəniş əməliyyatını icra etməzdən əvvəl qanunvericilikdə nəzərdə tutulan məlumatları (ödəniş sərəncamının icra edilməsi üçün tələb olunan məlumatlar və ya unikal eyniləşdirici, ödəniş sərəncamının icra müddəti, ödəniş xidmətinin göstərilməsi üçün tutulan haqlar (olduqda), valyuta mübadiləsi məzənnəsi (olduqda), nəzarət orqanının əlaqə məlumatları) ödəniş xidməti istifadəçisinə təqdim edir və ya belə məlumatların əlçatanlığını təmin edir.
5.4. Ödəniş əməliyyatı həyata keçirildikdən sonra Təşkilat dərhal qanunvericilikdə nəzərdə məlumatları (Təşkilatın adı və VÖEN-i, ödəniş əməliyyatını eyniləşdirməyə imkan verən istinad nömrəsi, ödəniş əməliyyatının icra olunduğu valyutada məbləği, ödəniş əməliyyatının icrası üzrə ödənilən xidmət haqlarının məbləği, valyuta mübadiləsi məzənnəsi (olduqda), ödəniş sərəncamının icra olunduğu tarix) ödəniş xidməti istifadəçisinə təqdim edir.
5.5. Təşkilat İstifadəçinin tələbi ilə ona təqvim ayı müddətində bir dəfə ödəniş hesabı üzrə aparılan ödəniş əməliyyatları barədə bu Müqavilənin 5.4-cü bəndində nəzərdə tutulan məlumatları kağız və ya digər davamlı daşıyıcıda ödənişsiz olaraq təqdim edir. Təqvim ayı ərzində bir dəfədən artıq olan məlumatlandırmalara xidmət haqqı tətbiq edilir.
5.6. Ödəniş sərəncamı verilərkən İstifadəçi vəsaiti alanın düzgün seçilməsi və tələb olunan məlumatlarının düzgün yazılması üçün tam məsuliyyət daşıyır.
5.7. İstifadəçi ödəniş əməliyyatlarını cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) haqqında qanunvericiliyin tələblərini pozmamaqla aparır. Əks halda, Təşkilat bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
5.8. İstifadəçi Amerika Birləşmiş Ştatlarının Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (FATCA) tələblərinə uyğun olaraq zəruri məlumatları Təşkilata təqdim edəcəyini, həmçinin bu aktdan irəli gələn tədbirlərin görülməsinə və Təşkilat tərəfindən məlumatların Azərbaycan Respublikasının müvafiq orqanlarına təqdim edilməsinə etiraz etməməyi öhdəsinə götürür.
5.9. İstifadəçi Ümumi Hesabatlılıq Standartı əsasında xarici dövlətlərin fiziki və hüquqi şəxslərinə məxsus hesablar üzrə hərtərəfli yoxlama prosedurlarının (CRS) tələblərinə uyğun olaraq zəruri məlumatları Təşkialta təqdim edəcəyini, həmçinin bu aktdan irəli gələn tədbirlərin görülməsinə və Təşkilat tərəfindən məlumatların Azərbaycan Respublikasının müvafiq orqanlarına təqdim edilməsinə etiraz etməməyi öhdəsinə götürür.
5.10. Ödəniş əməliyyatı vəsaiti alanın sərəncamı ilə həyata keçirildikdə İstifadəçi ödəniş sərancamını verməyə səlahiyyətli olan şəxsin düzgün müəyyən edilməsi üçün məsuliyyət daşıyır. Ödəniş sərəncamının vəsait alan tərəfindən verilməsi üçün Təşkilat əvvəlcədən İstifadəçinin razılığını əldə edir. Qeyd olunan razılıqda İstifadəçi həmçinin belə əməliyyatlar üzrə ödəniləcək məbləğ limitini müəyyən etməlidir. Əgər belə ödənişlərdə ödəniş əməliyyatının məbləği İstifadəçinin müəyyən etdiyi limiti aşmışsa, İstifadəçi həmin ödənişin onun ödəniş hesabından silindiyi tarixdən 2 (iki) ay müddətində Təşkilata müraciət edə bilər, müddətin ötürülməsi İstifadəçini bu hüquqdan məhrum edir. Belə müraciət daxil olduqdan sonra 5 (beş) iş günü ərzində Təşkilat artıq ödənilmiş məbləği İstifadəçiyə geri qaytarır və ya imtinanın səbəbləri barədə İstifadəçiyə əsaslandırılmış məlumat verir.

6. Ödəniş Sərancamı ilə İşin Təşkili
6.1. İstifadəçi Təşkilatın mobil tətbiqində və ya www.tiko.az internet səhifəsində ödəniş sərəncamını təsdiq etdikdə ödəniş əməliyyatını avtorizə etmiş hesab edilir.
6.2. İstifadəçi tərəfindən bu Müqavilə ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə və ödəniş sərəncamı qüsurlu olmadığı təqdirdə Təşkilat avtorizə edilmiş ödəniş sərancamını icraya qəbul edir.
6.3. Avtorizə edilmiş ödəniş sərancamı əməliyyat günündən sonra təqdim olunduqda ödəniş sərəncamı növbəti əməliyyat günü icraya qəbul edilmiş hesab olunur.
6.4. Təşkilat ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra edir. Ödəniş sərəncamında həmin sərəncamın icrası üçün fərqli müddət razılaşdırıla bilər, bu halda ödəniş sərəncamı razılaşdırılan gün icra edilir. Bu müddət qeyri-iş gününə düşdükdə, ödəniş sərəncamının icra müddəti növbəti iş günü hesab edilir.
6.5. İcraya qəbul olunan ödəniş sərəncamları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında icra edilir.
6.6. Təşkilat ödəniş sərəncamının icrasından imtina etdikdə, bunun səbəbləri və mövcud çatışmazlıqlar haqqında İstifadəçini ən geci növbəti iş günü məlumatlandırır, bu şərtlə ki, qanunla belə məlumatların verilməsi qadağan edilməsin.
6.7. Ödəniş əməliyyatı üzrə vəsaitin vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısının ödəniş hesabına mədaxil edildiyi andan Təşkilatın ödəniş sərəncamının icrası üzrə öhdəliyi icra olunmuş hesab edilir. Vəsait alana Təşkilat tərəfindən xidmət göstərildiyi halda ödəniş sərəncamının icrası üzrə öhdəlik vəsaitin vəsait alanın ödəniş hesabına mədaxil edildiyi andan icra olunmuş hesab edilir.
6.8. Ödəniş terminalları ilə aparılan ödəniş əməliyyatları istisna olmaqla, İstifadəçinin xeyrinə Təşkilata daxil olan pul vəsaiti həmin əməliyyat günü vəsait alanın ödəniş hesabına mədaxil edilir və (və ya) pul vəsaitinin istifadəsinə imkan yaradılır. Ödəniş hesabına mədaxil edilməli olan pul vəsaitinin valyutası ödəniş hesabında olan məbləğin valyutasından fərqli olduqda pul vəsaitinin hesaba mədaxil edilməsi 3 gündən gec olmayaraq həyata keçirilir.

7. Ödəniş Sərəncamından İmtina və Ödəniş Sərəncamının Geri Götürülməsi
7.1. İstifadəçi ödəniş sərəncamından bu Müqavilənin 7.2 - 7.5-ci bəndləri ilə müəyyən edilmiş anadək istənilən vaxt imtina edə bilər. Dövri ödəniş əməliyyatlarının icrası üzrə verilmiş ödəniş sərəncamından imtina nəticəsində İstifadəçinin seçimindən asılı olaraq, ancaq icra vaxtı çatmış ödəniş əməliyyatı və ya bütün növbəti ödəniş əməliyyatları avtorizə edilməmiş hesab edilir və icra olunmur.
7.2. İstifadəçi ödəniş sisteminə göndərilən ödəniş sərəncamını müvafiq ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilən andan etibarən geri götürə bilməz.
7.3. İstifadəçi Təşkilat ilə ödəniş sərəncamının icra olunması üçün müəyyən günü razılaşdırdıqda, İstifadəçi ödəniş sərəncamını ən geci razılaşdırılmış gündən əvvəlki iş gününün sonunadək geri götürə bilər.
7.4. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə, İstifadəçi vasitəçiyə ödəniş əməliyyatının başladılmasına razılıq verdikdən sonra ödəniş sərəncamını geri götürə bilməz.
7.5. Ödəniş sərənncamı vəsaiti alan tərəfindən verildikdə İstifadəçi ən geci pul vəsaitinin ödəniş hesabından vəsaitin silinməli olduğu gündən əvvəlki iş gününün sonunadək ödənişin həyata keçirilməsi üzrə verdiyi sərəncamı geri götürə bilər.
7.6. Ödəniş sərəncamının geri götürülməsi üzrə xidmət haqqı tətbiq edilir.

8. Avtorizə Edilməmiş və Ya Səhv İcra Olunmuş Ödəniş əməliyyatları Üzrə Bildiriş
8.1. İstifadəçi Təşkilat tərəfindən həyata keçirilən ödəniş əməliyyatının icrası haqqında bu Müqavilənin 5.4-cü bəndində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı halda, ödəniş əməliyyatının icrasından sonra 6 (altı) aydan gec olmayaraq hər hansı avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatlarını müəyyən etdikdə bu barədə Təşkilatı dərhal məlumatlandırmalıdır, əks halda İstifadəçi ödəniş edilən məbləğin bərpası hüququndan məhrum olur. İstifadəçi Təşkilat tərəfindən həyata keçirilən ödəniş əməliyyatının icrası haqqında bu Müqavilənin 5.4-cü bəndində nəzərdə tutulmuş qaydada məlumatlandırılmadığı halda, isə 6 (altı) aylıq məhdudlaşdırıcı müddət tətbiq edilmir.
8.2. Təşkilat İstifadəçidən bu Müqavilənin 8.1-ci bəndində qeyd olunan bildirişi aldığı təqdirdə ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını, ödəniş əməliyyatı üzrə məbləğin İstifadəçinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya Təşkilatın digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını 5 (beş) iş günündən gec olmayaraq (ödəniş alətləri ilə ölkə xaricində aparılan əməliyyatlarda isə iştirakçısı olduğu ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilmiş müddətdə) sübuta yetirərərək təqdim etmədiyi təqdirdə ödəniş əməliyyatının məbləğini ödənilmiş xidmət haqqı ilə (tətbiq olunmuşdursa) birlikdə İstifadəçiyə geri ödəyir.
8.3. Təşkilat İstifadəçi tərəfindən verilən ödəniş sərəncamının icra olunmamasına, səhv icra edilməsinə, həmçinin pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə məsuliyyət daşıyır. Bu halda səhv icra edilmiş, əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği, ödənilən xidmət haqları və digər xərclərin məbləği də kompensasiya edilməklə dərhal ödəyicinin ödəniş hesabına bərpa edir.
8.4. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə Təşkilat səhv icra edilmiş və ya əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri qaytarır.
8.5. İstifadəçi icra edilməyən, səhv icra edilən ödəniş əməliyyatlarına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə İstifadəçidən ödəniş əməliyyatı üzrə məbləğ, xidmət haqqı və digər xərclərdən əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə uyğun olaraq faizlərin ödənilməsini tələb edə bilər.
8.6. Təşkilat ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamında səhv göstərilmiş məlumatlara görə ödəniş sərəncamının icra edilməməsi və ya səhv icra olunması üçün məsuliyyət daşımır.
8.7. Ödəniş sərəncamının icrası zamanı təqdim edilən unikal eyniləşdirici düzgün olmadıqda, Təşkilat bu səbəblə icra olunmamış və ya səhv icra edilmiş ödəniş əməliyyatlarına görə məsuliyyət daşımır. Təşkilat ödəniş əməliyyatının yalnız unikal eyniləşdiriciyə uyğun olaraq icra edilməsinə görə məsuliyyət daşıyır.

9. Xidmət haqları və valyuta mübadiləsi məzənnəsi
9.1. Təşkilat aşağıdakı xidmətlərin göstərilməsi üçün xidmət haqqı tətbiq edə bilər:
9.1.1. ödəniş hesabının açılması;
9.1.2. ödəniş əməliyyatlarının icra edilməsi;
9.1.3. icra edlmiş ödəniş əməliyyatlarının araşdırılması;
9.1.4. tətbiq eidldikdə ödəniş əməliyyatlaır üzrə chargeback prosesinə başlanılması;
9.1.5. ödəniş sərancamının geri götürülməsi;
9.1.6. qanunvericiliklə və bu Müqavilə ilə nəzərdən tutulan məlumatlardan əlavə məlumatların təqdim edilməsi;
9.1.7. bu Müqavilədə nəzərdə tutulan məlumatların bu Müqavilədə nəzərdə tutulmayan əlaqə vasitəsilə ötürülməsi;
9.1.8. bu Müqavilənin 5.5-ci bəndində nəzərdə tutulan məlumatlandırmanın təqvim ayı ərzində bir dəfədən artıq aparılması.
9.2. Ödəniş hesabından pul vəsaitinin əsassız silinməsinə və səhv ödənişlərin aparılmasına dair araşdırma zamanı silinmənin və ya ödənişin əsaslı olması müəyyən olunarsa, İstifadəçi xidmət haqqını (mövcud olduqda) ödəyir.
9.3. Təşkilatın tətbiq etdiyi xidmət haqlarının məbləği və valyuta mübadiləsi məzənnəsi Təşkilatın www.tiko.az internet səhifəsində yerləşdirlən Tariflər ilə müəyyən edilir. Tariflər bu Müqavilənin tərkib hissəsidir.
9.4. Bu Müqavilədə nəzərdə tutulan qaydada xidmət haqqı tutulduqda və ya valyuta mübadiləsi tətbiq edildikdə həmin xidmət haqqı və ya valyuta məzənnəsi barədə İstifadəçiyə ödəniş sərəncamından öncə məlumat təqdim edilir. İstifadəçi sərəncamı təsdiq etməklə həmin xidmət haqları və ya valyuta məzənnəsinə razılığını bildirmiş olur.
9.5. Təşkilat xidmət haqqını İstifadəçinin ödəniş hesabının balansında olan vəsaitlərdən tutur.
9.6. Təşkilat digər ödəniş xidməti təchizatçılarının tətbiq etdiyi xidmət haqqlarına görə məsuliyyət daşımır.

10. Müqavilənin müddəti, dəyişdirilməsi və ləğvi
10.1. İstifadəçi bu Müqavilənin sonunda olan “Təsdiqləmək” düyməsini sıxdığı andan bu Müqaviləni bağlamış sayılır. Müqavilə Tərəflər arasında ləğv edilənədək qüvvədə qalır.
10.2. Təşkilat İstifadəçiyə 30 (otuz) gün əvvəlcədən bu Müqavilənin 12.1-ci bəndində müəyyənləşdirilən əlaqə vasitələri ilə məlumat verməklə bu Müqaviləyə əlavə və dəyişikliklər edə bilər. Bu müddət ərzində İstifadəçi dəyişikliklərlə bağlı öz etirazınızı bildirmədikdə, bu dəyişiklikləri qəbul etmiş hesab ediləcəkdir.
10.3. Məzənnə dəyişiklikləri, habelə İstifadəçilər üçün daha əlverişli faiz dəyişiklikləri bu Müqavilənin 10.2-ci bəndində nəzərdə tutulmuş xəbərdarlıq müddəti gözlənilmədən tətbiq edilir.
10.4. Müqaviləyə aşağıdakı hallarda və qaydada ləğv edilə bilər:
10.4.1. İstifadəçinin təşəbbüsü ilə - Təşkilatı 30 (otuz) gün əvvəlcədən bu Müqavilənin 12.1-ci bəndində müəyyənləşdirilən əlaqə vasitələri ilə məlumatlandırmaqla. Müqavilə ləğv edilənədək İstifadəçi istifadə etdiyi ödəniş xidmətlərinə görə xidmət haqlarını ödəməlidir. Əgər xidmət haqları avans şəklində ödənilmişdirsə, həmin haqlar müqavilə ləğv edilənədək göstərilən ödəniş xidmətlərinə görə ödənilməli olan xidmət haqları çıxılmaqla ödəniş xidməti istifadəçisinə müqavilənin ləğv olunduğu günün növbəti iş günündən gec olmayaraq geri qaytarılır;
10.4.2. Təşkilatın təşəbbüsü ilə - 30 (otuz) gün əvvəlcədən bu Müqavilənin 12.1-ci bəndində müəyyənləşdirilən əlaqə vasitələri ilə İstidadəçiyə bildiriş göndərilməklə;

c. Qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada.

10.5. Bu Müqavilə ləğv edildikdə Təşkilat Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq elektron pulun qalıq dəyərini İstifadəçiyə geri ödəyir.

11. Tətbiq edilən hüquq və mübahisələrin həlli, məsuliyyət
11.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib edilib və bu Müqavilədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
11.2. Tərəflər bu Müqavilənin pozulmasına və digər Tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
11.3. Təşkilat İstifadəçi tərəfindən şikayətin daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətində müraciətə baxır və nəticəsi barədə İstifadəçini məlumatlandırır. Müraciətə baxılması bu müddətdə mümkün olmadığı halda həmin müddətdən gec olmayaraq şikayətə baxılması müddətinin artırılmasının səbəblərini əsaslandırmaqla şikayətə baxılması müddəti barədə İstifadəçiyə məlumat verir. Təşkilata şikayətin verilməsi İstifadəçinin məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
11.4. Bu Müqavilə üzrə Tərəflər arasında yaranan bütün mübahisələr danışıqlar yolu ilə həll olunur. Danışıqlar nəticəsində tərəflər qarşılıqlı razılaşma əldə etmədikdə mübahisə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində həll edilir.
11.5. Bu Müqavilənin bir hissəsinin etibarsızlığı digər hissələrinin etibarsızlığına səbəb olmur.

12. Digər müddəalar
12.1. Tərəflər arasında yazışma və danışıqlar Təşkilatın ödəniş tətbiqi və Tərəflərin aşağıdakı əlaqə nömrəsi və elektron poçtu vasitəsilə aparıla bilər:

Təşkilat - (012) 597 48 72, info@tiko.az

İstifadəçi __________, ________

12.2. Təşkilat İstifadəçinin fərdi məlumatlarını qanunvericiliyə və cari Məxfilik siyasətinə uyğun olaraq işləyir, mühafizə edir və üçüncü şəxslərə açıqlayır.
12.3. Fərdi məlumatlar bu Müqavilənin icrası, marketinq, satışların artırılması, göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi və artırılması, yeni məhsulların hazırlanması və s. məqsədlər üçün işlənilir. Bütün hallarda fərdi məlumatların işlənilməsi məqsədləri Məxfilik siyasətində göstərilir.
12.4. Təşkilat qanunvericiliyə uyğun olaraq istənilən vaxt İstifadəçinin həyata keçirdiyi ödəniş əməliyyatları ilə bağlı ondan əlavə sənədlər tələb edə bilər.